“İnci” Şirkətlər qrupu və Təhsilin inkişafı fondunun “Məktəblərə kitab ianəsi” layihəsi davam edir.

12 mart tarixində Quba rayon Rəhman Məmmədov adına Alekseyevka kənd tam orta məktəbində Quba-Xaçmaz Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən məktəblərin şagirdləri, müəllimləri və valideynlər ilə görüş baş tutub.
Görüşün əsas məqsədi “Məktəblərə kitab ianəsi” layihəsi çərçivəsində Quba-Xaçmaz Regional Təhsil İdarəsinə kitabların təhvil verilməsi olub. Layihə müddətində dövlət-özəl tərəfdaşlığı nəticəsində ümumi ianə edilən kitab sayının 4800 ədəd olması bildirilib.
Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Elnur Nəsibov layihə haqqında ideyanın yarandığı ilk günlərdən “Inci Group of Companies” şirkətinin dəstəyini vurğulayıb.
Görüşdə bəhs edilən əsas məsələlərdən biri də “Məktəblərə kitab ianəsi” layihəsi sayəsində şagirdlərdə dərs vəsaitlərindən əlavə olaraq bədii ədəbiyyata qarşı xüsusi maraq və sevgi yaratmaq məqsədi olub.
“Inci Group of Companies” şirkətinin təsisçisi Mikayıl Yusifov layihənin bir hissəsi olduğu üçün özünü xoşbəxt hiss etdiyini və şirkətin gələcəkdə də məktəbin şagirdləri, əlaçıları üçün həvəsləndirici hədiyyələr təqdim edə və kitablar ianə edə biləcəyini vurğulayıb.
Görüş müddətində şagirdlərin məsələylə bağlı ünvanlanmış sualları cavablandırılıb, müatilə və kitablar haqqında müəyyən məlumatlar verilib.