6 dekabr tarixində Yevlax rayonu Xaldan kənd kompleks tam orta məktəbin şagird və müəllimləri ilə görüş baş tutub.

Görüşün əsas məqsədi Təhsilin İnkişafı Fondu ilə “Inci Group of Companies” şirkətinin birgə həyata keçirdiyi “Məktəblərə kitab ianəsi” layihəsi çərçivəsində Mərkəzi Aran Rayon Təhsil İdarəsinə 800 kitabın təhvil verilməsi olub.

Görüşdə Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Elnur Nəsibov, Mərkəzi Aran Regional Təhsil İdarəsinin müdiri Elçin Kərimov, “Inci Group of Companies” şirkətinin bölgə müdiri Babək Həsənov, məktəbin müəllim və şagirdləri iştirak ediblər.

Mərkəzi Aran Regional Təhsil İdarəsinin müdiri Elçin Kərimov qonaqları salamlayaraq Fond və “İnci” şirkətinə həyata keçirilən layihəyə görə təşəkkürünü bildirib. E.Kərimov kitabların növbəli şəkildə digər məktəblərə veriləcəyini bildirib.

Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Elnur Nəsibov görüş iştirakçılarına Fondun tarixi, fəaliyyət istiqamətləri, hazırda icra edilən layihələr, qurduqları əməkdaşlıqlar haqqında məlumat verib. Sədr layihə haqqında ideyanın yarandığı ilk günlərdən “Inci Group of Companies” şirkətinin tam dəstəyini vurğulayıb. E.Nəsibov layihə çərçivəsində ümumi ianə ediləcək kitabların sayının 4000 ədəd olduğunu, eləcə də növbəti həftələr ərzində daha 2 Regional Təhsil İdarəsində görüşlərin keçirilməsinin nəzərdə tutulduğunu bildirib.

“Inci Group of Companies” şirkətinin bölgə müdiri Babək Həsənov “İnci” şirkətinin gələcəkdə məktəbin şagirdləri, əlaçıları üçün həvəsləndirici hədiyyələr təqdim edə və kitablar ianə edə biləcəyini vurğulayıb.

Görüş müəllim və şagirdlərin iştirak etdiyi müzakirələrlə davam edib.