16 noyabr tarixində Sumqayıt şəhər 9 Nömrəli tam orta məktəbdə məktəbin şagird və müəllimləri ilə görüş baş tutub. Görüşün əsas məqsədi Təhsilin İnkişafı Fondu ilə “Inci Group of Companies” şirkətinin birgə həyata keçirdiyi “Məktəblərə kitab ianəsi” layihəsi çərçivəsində Abşeron-Xızı Şəhər Təhsil İdarəsinə 800 kitabın təhvil verilməsi olub.
Görüşdə Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Elnur Nəsibov, Abşeron-Xızı Şəhər Təhsil İdarəsinin müdiri İlhamə Abdullayeva, “Inci Group of Companies” şirkətinin təsisçisi Mikayıl Yusifov, məktəbin müəllim və şagirdləri iştirak ediblər.
Abşeron-Xızı Şəhər Təhsil İdarəsinin müdiri İlhamə Abdullayeva qonaqları salamlayaraq layihənin təşəbbüskarlarına kitablar üçün təşəkkürünü bildirib. İ.Abdullayeva bu cür layihələrin şagirdləri dərsliklərdən əlavə ədəbiyyat oxumağa həvəsləndirdiyini xüsusi vurğulayıb.
Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Elnur Nəsibov görüş iştirakçılarını Fondun yaranması, əsas fəaliyyət istiqamətləri, hazırda icra edilən layihələr haqqında məlumatlandırıb. Fondun özəl şirkətlər ilə əməkdaşlığa açıq olduğunu qeyd edən sədr, layihə haqqında ideyanın yarandığı ilk günlərdən “Inci Group of Companies” şirkətinin dəstəyini vurğulayıb. E.Nəsibov layihə çərçivəsində ümumi ianə ediləcək kitabların sayının 4000 ədəd olduğunu, eləcə də növbəti həftələr ərzində daha 4 Regional Təhsil İdarəsində görüşlərin keçirilməsinin nəzərdə tutulduğunu bildirib.
“Inci Group of Companies” şirkətinin təsisçisi Mikayıl Yusifov layihənin bir hissəsi olduğu üçün özünü xoşbəxt hiss etdiyini və İnci şirkətinin gələcəkdə də məktəbin şagirdləri, əlaçıları üçün həvəsləndirici hədiyyələr təqdim edə və kitablar ianə edə biləcəyini vurğulayıb.
Görüş müəllim və şagirdlərin iştirak etdiyi müzakirələrlə davam edib.